Axmaq canavar`ın nağılı

4

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

Canavar bərk acmışdı. Neçə gün idi dişinə ət dəymirdi. Çox gəzib dolansa da, əlinə bir ov keçmirdi.
Axırda meşədən çıxıb kəndə yaxınlaşdı. Arxın qırağındakı qamışlığa girib gizləndi. Az keçmiş bir quzu arxdan su içməyə gəldi. Suyu içib başını qaldıranda canavarı qarşısında gördü. Canavar dedi:
– Yaxşı əlimə düşmüsən. Neçə gündür dilimə ət dəymir. İndi səni yeyib qarnımı yaxşıca doyuraram.
Quzu qorxudan titrəyə-titrəyə dedi:
– İxtiyar sənindir, canavar lələ. Ancaq mənim ətim çox şitdir. İcazə ver, gedim duz, istiot gətirim, səp ətimin üstünə, ləzzətlə ye.
Canavar razılıq verdi. Quzu tez təpəni aşıb bir də qayıtmadı.
Canavar çox gözlədi, sonra yenə özünü qamışlığa verib güdməyə başladı. Bir də gördü, bir qoyun nazlana-nazlana gəlir. Canavar qoyunun yolunu kəsib dedi:
– Gəl, gəl, yaxşı gəlmisən. İndicə səni dişimə çəkib parça-parça eləyəcəm.
Qoyun yazıq-yazıq dedi:
– Mən nə deyirəm, qurd qağa, yeyirsən ye. Ancaq bir xahişim var. İzn ver, sonuncu dəfə oynaya-oynaya o təpənin başına çıxım qayıdım. Onda sənin iştahın bir az da açılar, məni lap ləzzətlə yeyərsən.
Qoyunun dediyi canavarın ağlına batdı. Qoyun oynaya-oynaya təpəyə çıxıb gözdən itdi.
Canavar yola baxmaqdan yorulub yenə qamışlığa girdi. Az sonra gördü, bir camış ağır-ağır suya gəlir. Canavar gizləndiyi yerdən çıxıb camışın üstünü aldı:
– Yaxşı əlimə düşmüsən. İndi səni elə yeyim ki, bir gönün qalsın, bir buynuzun.
Camış özünü yığışdırıb dedi:
– Ağa canavar, məsləhət sənindir. Ancaq mən bütün günü göldə yatmışam, başdan-ayağa palçıq içindəyəm. Qoy təpənin başına çıxım, orada iri daşlar var. Daşa sürtünüm, üstümün palçığı ovulub tökülsün. Tərtəmiz qayıdım gəlim, məni rahatca ye.
Bu söz canavarın xoşuna gəldi. Camış da təpəni aşıb qayıtmadı. Canavar hirsindən daha qamışlığa girmədi. Eləcə yolu kəsib durdu. Handan-hana gördü bir at lovğa-lovğa gəlir. Quyruğunu belinə atıb, gözü ayağının altını görmür. Canavarı görcək at dayanıb duruxdu. Canavar dedi:
– Yaxşı əlimə keçdin. Quzunun da, qoyunun da, camışın da hayıfını səndən alacam.
At biclik işlətdi:
– Nə deyirəm, qurd qardaş. Ancaq sağ ayağımdakı nalın altında bir kağız var, onu ünvanına çatdırmalıyam. Əvvəlcə o kağızı götür, sonra məni ye.
At dal ayağını qaldırdı. Canavar əyilib nala baxmaq istəyəndə at ona elə təpik vurdu ki, canavar göydə mayallaq vurub yerə dəydi.
Handan-hana ac canavarın huşu başına gəldi. Əlindən qaçırdığı şikarları yadına salıb başına-gözünə döydü:

Getdin, gördün quzu,
Neynirsən istiotu, duzu?
Ye, qalsın quru buynuzu.

Getdin, gördün qoyun,
Neynirsən oyun-moyun?
Ye, qalsın quruca boyun.

Getdin, gördün camış,
Neynirsən palçığın ovmuş?
Ye, canına olsun nuş.

Getdin, gördün at,
Neynirsən kağız, barat?
Ye, yanında yıxıl yat.

Bakı, Altun Kitab, 2009
Xalq nağılı
Rəssamlar – Elçin Cabbarov, Səidə Eyvazova

Be Sociable, Share!

Comments (4)

uwaqliqda ewitmiwdim maraqlidi

ela super

maraqli nagildir deyesen esitmisem

Ne qewenq nagildir

Write a comment