Məlikməmməd`in nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 26-03-2014

Biri varmış, biri yoxmuş bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açar, ikinci gün çiçəyini tökərmiş, üçüncü gün də bar verərmiş. Bu alma hər kes yesəymiş, onbeş yaşında oğlan olurmuş.
Padşah hər gün səhər tezdən qalxıb gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilibdir. Peşman geri dönərmiş. Bir gün belə, beş gün belə, nəhayet padşah böyük oğlunu yanına çağırdı. Oğul atasının huzuruna gəlincə baş əyib dedi:
– Ata, sənə fəda olum, ne lazım? Atası dedi:
– Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək almanı oğurlayanı tutasan.
Oğlan atasının əlindən öpüb çıxdı, ox- kamanını götürüb bağa getdi.
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sabah erkən alma yetişən vaxt yuxu onu tutdu. Bir də ayıldı ki, alma ağacda yoxdur. Padşahın böyük oğlu peşiman halda evə döndü. O biri gün padşah ortancıl oğlunu yanına çağırdı:
– Belə də iş olarmı? Mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək alma oğurlayanı tutasan.
Ortancıl oğlan atasının əlindən öpüb çıxdı. Ox kamanını götürüb bağa getdi. Bu da bir saat, iki saat gözlədi,sonra isə yuxuya getdi. Bir də ayıldı ki, alma dərilib, o da peşman halda evə döndü.
Bu xəbəri padşahın kiçik oğlu Məlikməmməd eşidəndə atasının yanına gəldi, baş əyib dedi:
– Ata, izin ver bu dəfə alma ağacının keşiyini mən çəkim.
Atası dedi:
– Səndən böyük qardaşların oğrunu tutacaqlarını, amma tuta bilmədilər. İndi sən gedib nə edəcəksən?
Məlikməmməd öz otağına gəldi. Gün batıb axşam olunca Məlikməmməd ox-kamanını götürüb bağa getdi. O biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, gördü ki, yuxusu gəlir. Xəncərini çıxarıb barmağının başını kəsdi, yerinə duz tökdü. Gecə sabaha qədər barmağının ağrısından yata bilmədi. Sabaha yaxm gördü ki, bir gurultu qopmuş ki, gəl görəsən. Durub ağacın arxasmda gizləndi ki, görsün bu nədir. Bu vaxt gördü ki, bir div gəlirki,adam baxanda bağrı yarılar, elə bilirsən bir dağ gəlir.
Məlikməmməd barmağını dişleyib dedi:
– Aha, almanı aparan bu imiş.
Div gəlib alma ağacına yaxınlaşanda Məlikməmməd onun başına elə bir qılınc vurdu ki, qılinc zərbədən iki parça olub əlindən yerə düşdü. Div dönüb bağıra bağıra qaçdı.
Sabah olunca Məlikməmməd almaları yığıb atasına apardı. Pardşah almaları gördükdə çox sevindi.
Məlikməmməd dedi:
– Ay ata, izin ver qanın izi ilə gedib divi öldürüm.
Padşah razı oldu. Məlikməmmədə bir qədər adam verib o biri oğlanlarını da onunla yola saldı. Az gedib, üz gedib, dərə -təpə düz gedib bir quyuya rast gəldilər. Bildilər ki, div bu quyuya giribdir. Quyunun ağzına bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər daşı götürüb içəri gisinler. Əvvəl böyük oğlan daşı qaldırmaq istədi, amma yerindən tərpətməyi bacarmadı. Ortancıl oğlan irəli çıxdı, nə qədər çalışdı, daşa gücü çatmadı. Sıra Məlikməmmədə yetişdi. O bir dəfə güç verib daşı götürdü və kənara atdı.
Daşı atandan sonra divin ardınca quyuya girmək lazım idi. Yene büyük oğlan dedi:
– Gərək məni sallayasız. Dedilər:
– Yaxşı.
O dəqiqə bir ip götürüb onun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az sallamıştılar ki, bağırdı:
– Ay yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan dedi:
– Məni quyuya sallayın, divin ardınca gedim. Yene razı oldular, ipi belinə bağlayıb, onu quyuya salladılar. Ele bir az sallamışdılar ki, quyudan səs gəldi:
– Ay yandım, çəkin! Yene çəkdilər.
Sıra Məlikməmmədə yetişdi. Məlikməmməd dedi:
– Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın.
Məlikməmmədi quyuya sallayanda o da o biri qardaşları kimi bağırmağa başladı:
– Ay yandım, çəkin! Ama qardaşları onun deyiyi kimi bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi ki, gördü isti yavaş- yavaş azalır. Quyunun dibinə çatanda ətrafına baxıb gördü ki, bir yol var. Belindən ipi açıb başladı bu yolla getməyə. Az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içində də bir qapı var, bu qapınıı da açdı bir ayrı otağa girdi. Onun da qapısını açdı… Beləliklə, Məlikməmməd on yedinci qapını açdı. Gördü burda taxtın üstündə elə bir gözəl oturmuş ki, yeme, içmə onun gül camalını seyr et. Qızın dizi üste bir div başını qoyub yatmışdı. Qız Məlikməmmədi görüncə dedi:
– Ey cavan, kimsən, nəçisən? Yazıqdır sənə, qaç gizlən. Div yaralanıb, hirslidir. Ayılsa səni bir dəqiqə də sağ qoymayıb yeyəcək.
Məlikməmməd dedi:
– Mən bu divi öldürmək üçün gəlmişəm. Məlikməmməd xəncərini çıxarıb divin ayağını dəlməyə başladı. Div gözlərini açıb qıza dedi:
– Qoyma, ayağımı milçək yedi. Məlikməmməd bir az sonra yenə başladı
divin ayağını dəlməyə. Div gözlərini açıb bağırdı:
– Qoyma ayağımı milçək yedi.
Üçüncü dəfə Məlikməmməd divin ayağını dələndə div yerindən qalxıb qıza bir şapalaq vurdu, dedi:
– Sənə demirəm ayağımı milçək yedi?
Bu halda Məlikməmməd yerindən şir kimi qalxıb div ilə tutaştı. Bunlar qırx gün qrrx gecə güləşdilər. Heç biri o birini yıxa bilmədi. Âxırda hər ikisi gücdən düşdü. Div dedi:
– Hər kimsən, bura gəlmisən, bir az vaxt ver yatım, sonra yenə güləşərik.
Məlikməmməd razı oldu. Div başını yenə qızın dizi üstə qoyub yatdı. Durandan sonra yenə güləşməyə başladılar. Bu dəfə yeddi gün yeddi gecə güləşdilər. Âxırda qız Məlikməmmədə dedi:
– Ey cavan, o taxçada bir şüşə var. Bu divin canı o şüşədədir, Onu qırmasan divə güc gətirə bilməyəcəksən.
Məlikməmməd taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir quş çıxııb uçmaq istəyəndə Məlikməmməd onu tutdu. Div yerindən qalxıb yalvarmağa başladı:
– O quşa dəymə, dünyada nə istəyirsən sənə verim. O quşu öldürmə, o mənim canımdır.
Məlikməmməd qəbul etməyib dedi:
– Mənim elə aradığım da bu idi.
Sonra quşun başını üzüb yerə atdı. Div gurultu ilə taxtdan yerə düşüb öldü.
Məlikməmməd divi öldürdükdən sonra başını qızın dizi üstə qoyub doyunca yatdı. Bir qədər keçdi, durub o biri otağa keçdi.
Məlikməmməd gördü ki, burada əvvəlkindən gözəl bir qız oturubdur, bunun da dizi üste bir div başını qoyub yatıbdır. Qız Məlikməmmədi görəndə dedi:
– Ey cavan yazıqsan, dön qaç. İndicə div oyanar, səni parça-parça edər.
Məlikməmməd dedi:
– Qorxma ay qız, bunu da öldürəcəyəm. Məlikməmməd qılmcını çəkib divin ayağını dəlməyə başladı. Div gözlırini açıb qıza dedi:
– Qoyma ayağımı milçək yedi.
Məlikməmməd üçüncü dəfə divin ayağını dələndə div yerinden qalxıb qıza bir şapalaq vurub dedi:
– Sənə demirəm ayağımı milçək yedi?
Məlikməmməd yenə qalxıb div ilə güləşməyə başladı. Bunlar qırx gün qırx gecə bir-birlərini yıxa bilmədilər. Axırda Məlikməmməd divi yuxuya verib, taxçadakı şüşəni sındırıb quşu tutdu, başını üzən kimi div gurultuyla yıxılıb öldü.
Məlikməmməd qızın dizi üstə başını qoyub bir az dincəldi. Sonra durub üçüncü otağa girdi. Burada taxtın üstündə bir qız oturmuşdu ki, o biri qızların ikisindən də gözəl idi.
Məlikməmməd qıza aşiq oldu. Qızın da Məlikməmmədə gözü düşdü.
Qız yalvardı ki, ay cavan yazıqsan, qaç gizlən. Div gəlib səni yeyəcək.
Məlikməmməd qulaq asmayıb bir az oturdu. Bir də gördü ki, göy guruldadı, ildırım çaxdı, dağ kimi bir div gəldi.
Bunlar qırx gün qırx gecə güləşdilər. Bu divin də canı şüşədə idi. Məlikməmməd şüşəni götürüb tez yerə çarpdı, quşun boğazını üzdü, div öldü.
Məlikməmməd başını qızın dizi üstünə qoyub yatdı.
Məlikməmməd yuxudan duran kimi qızları başına yığıb yüngül, qiymətdə ağır şeyləri götürüb quyunun dibinə gəldi. Əvvəl böyük qızın belinə ipi bağladı, qardaşları yuxarı çəkdilər, ondan sonra ortancıl qızın. Sıra kiçik qıza gələndə qız Məlikməmmədə dedi:
– Qoy əvvəl sənin belinə ip bağlayım, yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram ki, qardaşların görəllər ki, mən o birilərdən gözələm, paxıllıqdan səni quyuya salarlar.
Məlikməmməd razı olmadı. Qız dedi:
– İndi ki, razı olmursan, onda dediklərimə qulaq as. İpi kəsəcəklər yenə quyunun dibinə düşəcəksən. O zaman döyüşə-döyüşə iki qoç gələcək: biri ağ, biri qara. Ağ qoç, qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minəndə işıqlı dünyaya çıxacaqsan. Qara qoça minsən qaranlıq dünyaya gədəcəksən.
Məlikməmməd qızm sözünə qulaq asandan sonra onun belinə ip bağladı, qızı çəkdilər. Kiçik qız quyudan çıxanda qardaşların ağlı başından çıxdı, dedilər:
– Məlikməmməd kiçik qardaş olduğu üçün gözəl qızı özünə götürəcək.
Paxıllıqlarından yarı yolda Məlikməmmədin ipini kəsdilər. O gurultuyla quyunun dibinə düşdü.
Məlikməmməd quyuda kefsiz oturmuşdu. Bir də gördü ki, qızın dediyi ağ qoçla qara qoç döyüş-döyüşə gəlirlər.
Məlikməmməd ağ qoçun belinə mindi. Amma qoç onu qara qoçun beline tulladı. Qara qoç da Məlikməmmədi qaranlıq dünyaya apardı.
Burada Məlikməmməd bir ağacın dibinə gəldi. Bir az oturmuşdu ki, gördü ağaca bir ejdaha qalxır. Əjdaha bir az yuxarı qalxmışdı ki, ağacın başında çoxlu quş balasının səsi gəldi.
Heç demə bu ağacda zümrüd quşunun yuvası var imiş. Bu Zümrüd quşu yumurtadan bala çıxarıb böyüdürmüş, balaları böyüyəndə əjdaha gəlib onları yeyərmiş. Zümrüd quşu da bala üzünə həsrət qalarmış. Bu dəfə də əjdaha ağaca qalxırdı ki, yenə Zümrüdün balaların yesin. Məlikməmməd bunu gördü, tez qılıncını çəkib əjdahanı iki parça etdi. Sonra ağacın dibində yatdı.
Sizə kimdən deyim Zümrüd quşundan. Zümrüd quşu balalarına dən gətirməyə getmişdi, dönüb gələndə ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balaların yeyən bu adamdır. Tez gedib dimdiyinə böyük bir daş aldı, istədi Məlikməmmədin üstünə salsın. Balaları yuvadan səs sahb qoymadılar, dedilər:
– Əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb canımızı qurtardı.
Zümrüd quşu daşı kənara atıb aşağı endi, qanadlarını Məlikməmmədin üstünə çəkdi.
Məlikməmməd yuxudan ayılıb quşu gördü, çox qorxdu.
Quş dedi:
– Hər kimsənsə, qorxma, mən sənə pislik etmərəm. Mən necə ildir ki, sənin öldürdüyün əjdahanın üzündən balalarıma həsrət idim. İndi sən əjdahanı öldürüb mənim balalarımı ölümdən qurtardın. Bu yaxşılıq üçün nə istəyirsən?
Məlikməmməd başına gələn işlərin hamısını quşa söylədi.
– Heç nə istəmirəm, ancaq məni işıqlı dünyaya çıxar.
Zümrüd dedi:
– Onda gərək qırx parça et, qırx tuluq da su alıb gətirəsən.
Məlikməmməd bilmədi ki, qırx parça əti, qırx tuluq suyu haradan tapsın. Quş Məlikməmmədin narahat olduğunu görüb dedi:
– Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi var. Bir əjdeha suyun qarşısını kəsib. Nə qədər pəhləvanlar onun yanına getsələr də, onu öldürə bilməyiblər.Yeddi ildir ki, əjdaha suyun qarşısını kəsibdir. Hər gün bir qızı aparıb onun ağzına atırlar. Əjdaha qızı yeyəndə suyu biraz da olsa buraxır. İndi görürəm sən qüvvətli pəhlivansan, o əjdahanı yalnız sən öldürsə bilərsən.Get o əjdahanı öldür. Padşahdan qırx parça ət, qırx tuluq su al. Ele ki, dediklərimi etdin, bu tükümü oda tut, mən yanına gəlib səni işıqlı dünyaya çıxararam.
Bəli, Məlikməmməd quşdan tükü alıb yola düşdü. Gəlib Zümrüd dediyi padşahın ölkəsinə çıxdı. O bir qarının qapısına gəlib dedi:
– Qarı nənə, Allah qonağı istersen mi? – Qarı dedi:
– Niyə istəmirəm, Allaha da qurban olum, qonağına da.
Məlikməmməd gördü ki, bütün şəhər əhalisi qara geyinib. Qarıdan xəbər aldı:
– Qarı nənə, bu adamlar niyə qara geyinib? Qarı dedi:
– Qurban olum, bir əjdaha suyun qarşısını kəsib, hər gün onun ağzına bir qız atırıq, qızı yeyənə qədər bir az su axır, biz də götürürük. Artıq ölkədə qız qurtarıb. Padşahın gözünün ağı qarası bir qızı var, sabah onu əjdahanın ağzına atacaqlar. Ona görə də hərkəs qara geyinib.
Məlikməmməd axşam qarının evində yatdı. Səhər tezdən qarıdan əjdahanın yerini öyrənib ora getdi. Bir də gördü ki, hərkəs ağlıya-ağlıya padşahın qızı üçün ah-fəqan edir. Qızı suyun qarşısına gətirdilər. Onu əjdahanın ağzına atmaq istəyəndə Məlikməmməd irəli çıxıb əjdahaya elə bir qılınc zərbəsi vurdu ki, əjdaha iki parça oldu. Məlikməmmədi padşahın hüzuruna apardılar. Padşah üzünü Məlikməmmədə tutub dedi:
– Ey oğlan, o əjdaha mənim ən qüvvətli pəhləvanlarımın hamısını yeyib. Sən bizim ölkəni bəladan qurtardım. İndi gəl padşahlığı sənə verim, qızımı da al, bütün taxt tacıma sahib ol.
Məlikməmməd dedi:
– Padşah sağ olsun, səndən heç nə istəmirəm. Mənə qırx parça ət, qırx tuluq su ver, işıqlı dünyaya çıxım.
Padşah əmr etdi, Məlikməmmədə qırx parça ət, qırx tuluq su hazır etdilər. Məlikməmməd şeyləri alandan sonra kənara çəkildi. Zümrüd verdiyi tükü oda tutdu.
Həmin an Zümrüd hazır oldu. Əti quşun bir qanadının üstünə qoydu, suyu da o birinə. Özü də Zümrüdün belinə mindi, yola düşdülər. Quş göyün üzünə qalxdı, qaranlıq dünyadan uzaqlaşmağa başladılar. Məlikməmməd aşağı baxdı gördü ki, yer daha gözdən itmiş. Nə zaman quş “qa” dedi, Məlikməmməd əttən verdi, “qu” dedi, sudan verdi. İşıqlı dünyaya bircə mənzil qalmışdı ki, bir parça ət Məlikməmmədin əlindən yerə düşdü, quş “qu” deyəndə Məlikməmməd bilmədi ki, nə etsin. Qılıncını çıxarıb budunun ətindən kəsib quşun ağzına atdı. Zümrüd quşu gördü ki, bu ət o birilərə bənzəmir, çox şirindir. Ona görə də yemədi, dilinin altına qoydu. Sonuncu mənzil də qurtardı, Zümrüd quşu Məlikməmmədi işıqlı dünyaya çıxardı, qanadının üstündən yerə qoyub dedi:
– Di get. Məlikməmməd dedi:
– Sən get, mən özüm gedərəm. Zümrüd dedi:
– Yox gərək sən gedəsən. Məlikməmməd axsaya-axsaya getməyə başladı.
Zümrüd dedi:
– Ey oğlan, səbəb nədir ki, axsayırsan? Məlikməmməd işi açıb söylədi.
– Daha nə gizlədim, sənə verdiyim sonuncu parça ət budumun əti idi.
Quş dilini altından əti çıxarıb Məlikməmmədin ayağına birləşdirdi. Sonra öz tükündən bir az çıxarıb Məlikməmmədə verdi, dedi:
– Nə zaman dara düşsən bu tükləri yandır, mən gəlib səni dardan qurtararam. Quş sözünü deyib uçub getdi. Məlikməmməd yavaş-yavaş gəlib bir dərzi dükanının qarşısına çıxdı, dedi:
– Ay usta, Allah rizası üçün məni yanında şagird saxla.
Usta ona acıyıb yanında saxladı. Məlikməmməd yamaq-sökükdən tikirdi, ustasına qulluq edirdi. Bir gün bir adam gəlib dedi ki, padşah böyük oğluna toy edir, usta gəlsin paltar tiksin. Dərzi sevinərək qayçısını götürüb padşahın imarətinə getdi. Məlikməmməd bir az oturdu, sonra dükanı bağlayıb bir köşəyə çəkildi. Zümrüd quşunun tükünü çıxarıb yandırdı.
O dəqiqə Zümrüd hazır olub dedi:
– Mənə görə qulluq? Məlikməmməd dedi:
– Bu saat mənə bir dəstə sarı paltar, qılınç, qalxan, bir də sarı at gətir ki, yel kimi qaçsın.
Zümrüd “baş üstə” deyib uçub getdi, bir az çəkmədi ki, Məlikməməd deyən şeyleər hazır oldu.
Məlikməmməd paltarları geyindi, qılıncını belinə bağladı, qalxanı qoluna taxdı, atını padşahın evinin qarşısına sürdü. Şəhər xalqı, bütün adamlar seyrə yığılmışdı. Padşahın böyük oğlu da at çapırdı.
Məlikməmməd atını meydana salıb bir o başa, bir bu başa çapdı, sonra qılıncını çıxarıb padşahın böyük oğlunun başını vurdu. Xalq, ordu birbirinə qarışdı. Hər kəs Məlikməmmədin arxasınca tökülüb onu oxa basdılar Məlikməmməd atı çapıb yel kimi gözdən itdi. Yenə gəlib dükanı açıb oturdu. Birazdan dərzi başına döyə-döyə dükana gəldi. Məlikməmməd yalandan durub dərzinin o tərəfinə, bu tərəfinə keçib dedi:
– Ay usta qurbanın olum, nə olubdur?
Usta dedi:
– Nə olacaq, padəşahın evinin qarşısında at yarışında hardansa suya dönmüş bir sarı atlı gəldi, birdən qılıncını çəkib padşahın oğlunun boynunu vurdu. Arxasınca töküldülər, amma tuta bilmədilər.
Məlikməmməd yalandan bir az kədərləndi,sonra gedib öz yerində oturdu. Aradan bir müddət keçdi. Padşahın böyük oğlunun qırxı çıxdı.
Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna toy edir, usta gəlsin, paltar biçməyə.
Dərzi sevinə-sevinə qayçısını götürüb yola düşdü. Məlikməmməd də durub dükanı bağladı, bir tərəfə çəkilib Zümrüdün tükünü yandırdı. O saatda Zümrüd hazır olub dedi: _
– Mənə görə qulluğun? Məlikməmməd dedi:
– Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir də qırmızı at gətirərsən.
Zümrüd “baş üstə” deyib, bir dəqiqədə gedib atı, paltarı gətirdi. Məlikməmməd geyinib padşahın imarətinə tərəf getdi.
Orada yenə ordu, xalq düzülüb padşahın oğlunun at çapmasını seyr edirdi.
Məlikməmməd atı meydana salıb bir o başa, bir bu başa çapdı, sonra padşahın ortancıl oğlunun başını qılıncla vurub yerə saldı. Ordu nə qədər onun ardınca at çapdısa da, tuta bilmədi, nə qədər ox atdısa da, vura bilmədi.
Xalq, ordu yenidən qara geyinib yasa batdı.
Məlikməmməd paltarını dəyişib dükana gəldi. Yenə dərzi başına döyə-döyə geri döndü.
Məlikməmməd dedi:
– Ay usta, sənə nə olub ki, hər yerə gedəndə başına gözünə döyə-döyə geri dönürsən? Usta dedi:
– Bu dəfə də qırmızı paltarda bir atlı gəlib, padşahın gözünün ağı-qarası bir oğlu qalmışdı, onun boynunu vurub qaçdı. Ardınca nə qədər getsələr dəı onu tuta bilmədilər, ox atdılar vura bilmədilər.
Bu işdən bir neçə vaxt keçdi, il ötdü, ay dolandı, günlərin bir günü yenə usta ilə şagirdi dükanda oturmuşdu. Birdən şagird ustasına dedi:
– Dur get, padşaha müjdə ver ki, kiçik oğlunu tapmışam.
Usta cavabında dedi:
– Oğlan, dəli olmusan? Padşan deməz mi, kiçik oğlum haradadır? Onda nə cavab verərəm?
Məlikməmməd başına gələn bütün işleri dərziyə söylədi. Dərzi sevinə-sevinə padşahın evinə getdi. Qapıdan içəri girmişdi ki, ayağı daşa ilişib, yıxıldı. Padşah pəncərədən bunu görüb dedi:
-Yəqin dərzidə bir xəbər var. Gedin onu bura getirin.
Adamlar tökülüb dərzini padişahın hüzuruna gətirdilər. Dərzi yetişən kimi padşaha baş əyib dedi:
– Padşah sənə fəda olum, müjdəmi ver, kiçik oğlun Məlikməmmədin yerini deyim.
Padşah az qaldı özündən getsin, dedi:
– Məlikməmməd quyuda ölübdür, heç ölü didirilərmi? Tez de görüm bu nə işdir?
Dərzi dedi:
– Müjdəmi verməsən deməyəcəyəm. Padşah söz verdi ki, ona özü ağırlıqda qızıl
verəcək. Dərzi Məlikməmmədin başına gələn bütün işləri padşaha söylədi. Padşah dedi:
– Dərziyə xələt!…
Dərziyə o qədər xələt verdilər ki, çəkib apara bilmədi, vəzir, vəkil tökülüb Məlikməmmədin ardınca getdilər. Padşah oğlunun üzündən-gözündən öpdülər, sonra hamama apardılar, şahzadələrə layiq paltar geyindirib atasının hüzuruna getirdilər. Padşah oğlunu duz kimi yaladı, bağrına basdı.
Məlikməmməd başına gələn bütün işləri atasına söylədi. Dedi:
– Ata, meydanda qardaşlarımı öldürən mən idim. Quyuda nə qədər vaxt divlərlə vuruşub üç qız gətirmişdim. Olan işdirmi ki, onlar ipi kəsib məni quyunun dibinə salsınlar, nişanlımı özlərinə götürsünlər?
Padşah oğlunun alnından öpüb, şükür etdi ki, o, sağ salamatdır. Böyük qızı vəzirin oğluyla, ortancılı vəkilin oğluyla, kiçiyi də Məlikməmmədlə evləndirdi . Qırx gün, qırx gecə toy etdilər.

Məlikməmməd nağılı səsli dinlə

Be Sociable, Share!

Comments (1)

çox uzundur yoxsa əla

Write a comment