Meşə kralı aslanın nağılı

4

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

Biri vardı, biri yoxdu, bir şir vardı. Bu şir hamıdan güclü olduğundan meşənin kralı sayılırdı. O hər səhər heyvanları yığıb əmrlər verirdi. Vay o heyvanın halına ki, kralın əmrini yerinə yetirməsin.
O, çox qəddar idi. Heç kimə göz verib işıq vermirdi. Meşə kralının qanunlarını pozanları amansız cəza gözləyirdi. Meşənin bütün sakinləri ondan qorxurdu, ancaq heç kim şiri sevmirdi.
Bir gün səhər meşə sakinləri həmişəki kimi talada toplaşıb kralı gözləyirdilər. Ancaq şir gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Gözləməkdən yorulan çaqqal dedi:
– Kral səhər yığıncağına gecikən deyildi. Yəqin, nə isə baş verib. Gəlin birimiz gedək, ondan bir xəbər bilək.
Meşə sakinləri belə qərara gəldilər ki, meymunu kralın yanına göndərsinlər.
Şiri öz yuvasında halsız görən meymun soruşdu:
– Ey böyük kral, sənə nə olub? Yoxsa yaralanmısan?!
– Xəstələnmişəm, – deyə şir cavab verdi.
– Ayaq üstə dura bilmirəm. Dünəndən bəri dilimə bir şey dəyməyib. Mənə yemək tapın.
Meymun «baş üstə» deyib bayıra çıxdı. Xəbəri meşədəkilərə çatdırdı. Bunu eşidən tülkü dedi:
– Lap yaxşı oldu. Onu görüm həmişə yataqda qalsın. Qoy öz yuvasında acından ölsün. Sağalsa, yenə bizə zülm eləyəcək.
Hamı tülkü ilə razılaşdı.
Günlər keçir, heç kim şirə baş çəkmirdi. Meşə kralı günü-gündən zəifləyirdi. O öz-özünə düşünürdü: «Əlbəttə, heç kim mənə kömək etməyəcək. Axı onlar məndən yalnız zülm, qəddarlıq görüblər. Ah, kaş ki, heç kəsə pislik etməyəydim».
Meşə sakinləri isə şad-xürrəm həyat sürürdülər. Kim nə istəyirdi, edirdi. Bir gün yığıncaqda ceyran söz alıb dedi:
– Meşə kralı həmişə güclü olub. İndi isə o zəifdir. Yəqin ki, köməksizliyin nə olduğunu artıq başa düşüb. Gəlin biz ona qarşı qəddar olmayaq.
Heyvanlar Ceyranla razılaşdılar. Onlar krala yem tapdılar, onun sağalması üçün əllərindən gələni etdilər.
Tezliklə şir sağaldı. Amma artıq o, zalım kral deyildi. İndi meşə kralı hamının dostu olmuşdu.
Beləcə, meşədə pislik sona yetdi. Yaxşılıq isə əbədi olaraq yaşadı.

Bakı, Altun Kitab, 2009
Mətn – Gülşən Orucova
Redaktor – Rafiq İsmayılov
Rəssamlar – Elçin Cabbarov, Səidə Eyvazova

Be Sociable, Share!

Comments (4)

realda da bele olsaydi ela olardi

Elaaaaaaa

ÇOX ELAAAAAAAAAAAAAAAA NAĞILDIR.SEPERRRRRRRRRRRRRRRR

Либо лев король, либо он hamının dostu olmuşdu.Что-то одно

Write a comment