Sehrli torba nağılı

8

Posted by nagillar | Posted in Nağıllar | Posted on 15-01-2013

Səməd kənddə ən nadinc oğlan idi. Birinin toyuq-cücəsinə daş atır, başqa birinin pəncərəsini topla vurub sındırırdı. Qohum-qonşu onun əlindən təngə gəlmişdi. Bir adam yox idi ki, Səmədi tərifləsin, hamı danlayırdı.
Bir gün Eldar baba onu yanına çağırıb dedi:
– Səməd, sən istəyirsən, elə edim ki, heç kim səni danlamasın?
– Əlbəttə, istəyirəm, – deyə Səməd təəccübləndi.
– Onda bir şərtim var. Bu kisəni görürsən? Gərək onu bu cür xırda daşlarla doldurasan. Ancaq sən bu kisəyə o vaxt daş ata bilərsən ki, bir xeyirxah iş görəsən. Birinə yaxşılıq etdin – bir daş, bir kömək etdin – o bir daş. Ta kisə dolana qədər. Kisə dolandan sonra sonra nə istəsən, edə bilərsən. Söz verirəm ki, heç kim səni danlamayacaq. Razısan?
Səməd bir az düşünüb razılaşdı. Baba kisəni həyətdəki ağacın budağından asdı.
Günlər keçir, Səməd hər gün kəndi dolaşır, biri üçün odun yarır, başqasına su daşıyır, yaşlılara kömək edir və xeyirxah əməlindən sonra kisəyə bir daş atırdı. Hər dəfə də kisənin içinə baxır, səbirsizliklə onun dolmasını gözləyirdi.
Beləliklə, bir ay ötüb keçdi. Bir gün Səməd gördü ki, kisə artıq dolub. O sevinclə babasını çağırıb dedi:
– Baba, mən sən deyəni elədim. İndi nə istəsəm, edə bilərəm?
– Əlbəttə!
– Məni heç kim danlamaz ki?
– Yox, mənim balam, daha səni heç kim danlamayacaq.
Səməd razı halda həyətdən çıxdı. Qonşuluqda Telli xala əyilib aşmış taxta çəpəri düzəldirdi. Səməd qaça-qaça gəlib çəpərə bir təpik vurmaq istəyirdi ki, birdən dayandı.
«Qoy bu gün də Telli xalaya kömək edim, sabahdan nə istəsəm, edərəm», – deyə fikirləşdi.
Beləcə günlər keçdi. Amma Səməd bir daha pislik edə bilmədi. İndi kənddə heç kim onu danlamır.

Bakı, Altun Kitab, 2009
Mətn – Gülşən Orucova
Redaktor – Rafiq İsmayılov
Rəssam – Elçin Cabbarov

Be Sociable, Share!

Comments (8)

boyuklerimiz kiciklere bele meslehetler verseler uwaqlar duzgun terbiye olunarlar

Sposibo vam

maraqlidir

cox terbiyelendirici nagildir cox maraqlidir

cox yaxwi fikirdir.tewekkurler.

menim sehirli torba nağili xosuma geldi.tesekkur edirem.

Əla nağıllardı vallah

çox terbiyeli nağıldır

Write a comment