Taxta qılıncın nağılı

4

Posted by nagillar | Posted in Nağıllar | Posted on 07-04-2012

Biri var idi, biri yox idi, bir padşahın bir oğlu, bir də arvadı var idi. Bir gün bu padşah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikarə çıxır. Xeyli ov elədikdən sonra, bir gözəl çəməndə çadır qurub, oturaq edirlər.
Padşahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padşah oğlunu çox istədiyindən, tez-tez onu yoxlar. Yenə də qalxıb oğlunu yoxlamağa gedir. Gəlib çadıra girdikdə, baxıb görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmaq üzrədi. Tez padşah başmağının bir tayını su ilə doldurub, ilanın qabağına qoyur. İlan su içir qayıdır. Padşah oğlunu oyadıb deyir:
– İstəkli oğlum! Bir çörəyim övsanata keçdi, qalx, burada yatmaq məsləhət deyil.
Padşah əhvalatı ona söyləyərək, oğlu ilə bərabər öz çadırına qayıdır. Bir az sonra köçüb şəhərə gedirlər. Bu əhvalatdan bir neçə gün sonra, padşahın arvadı bərk naxoşluyur. Oğlunu yanına çağırıb, ona belə bir vəsiyyət edir.
– İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmayacağam, öləcəyəm. Mən öləndən sonra atan gedib başqa-arvad alacaq. Təzə aldığı arvad səni yola aparmayacaq. Atan ilə sənin aranda zidlik düşəcək, get-gedə zidlik artacaq. Atan qeyzə gəlib səni öldürmək istəyəcək. Atanı o məqama qoyma! Baş götür bir müddət vilayətindən çıx, get! Yolda hər kəs ki, sənlə yoldaş oldu, çörəyi yeyəndə, sən öz çörəyini ortaya qoy! Hərgah yoldaşın çörəyin çox hissəsini sənin qabağına qoysa onunla yoldaş ol, yox, qabağına qoymasa, onda ondan ayrıl! Bir də yoldaşınla bir çayın kənarına yetişsən, sən ona təklif elə ki, gəl dalıma min, səni sudan keçirdim. Əgshahər o səni dalına alıb, sudan keçirtsə, onda onunla yoldaş ol, yox, sənin dalına minsə, onunla yoldaş olma, tez ondan ayrıl!
Bu sözləri söyləyib ana vəsiyyətlərin tamam eləyir. Oğlan ağlayıb ayağa qalxır, anasının əlindən öpüb otaqdan çıxır.
Bir neçə gündən sonra, padşahın arvadı ölür və bir müddətdən sonra, padşah gedib bir arvad alır. Bu təzə arvad nanəcib olduğundan, oğlanı yola verməyib hər nə ilə mümkündüsə atası ilə onun arasına zidlik salmağa çalışır. Odur ki, şahzadə anasının vəsiyyətinə əməl edib, baş götürür, atasının vilayətindən çıxıb gedir.
Eşit, səni deyim şahzadədən.
Şahzadə yolda həmin çadır qurduqları yerdə bir cavan oğlana rast gəlir. Oğlan ondan haraya getdiyini soruşur. Şahzadə:
– Başqa bir vilayətə – deyib cavab verir.
– Mənim adım Taxta Qılıncdı. Məni özünlə bərabər götür – deyib cavan oğlan şahzadədən rica eləyir. Xülasə, yoldaş olurlar. Bir qədər yol gedəndən sonra, bir yerdə oturub çörək yemək istəyirlər. Şahzadə bir çörək çıxardıb ortaya qoyur. Oğlan çörəyi kəsib çox hissəsini şahzadənin, az hissəsini öz qabağına qoyur. Oğlan görür ki, anasının vəsiyyət elədiyi kimi yoldaşlığa layiq bir oğlandı. Çörək yeyib yola düşürlər. Yolda bir çaya yetişirlər. Şahzadə ona təklif eləyir ki, gəl dalıma min, səni sudan keçirdim. Oğlan razı olmayıb, şahzadəni dalına alıb sudan keçirir. Bir müddət keçəndən sonra bir şəhərə yetişirlər, burda ev tutub mənzil eləyirlər. Ertəsi gün oğlan padşahın oğluna deyir ki:
– Qardaş, sən evdə otur, mən gedim qazanım, gətirim, bərabər yeyək!
Oğlan gedib, gündə qazanıb gətirirdi, bəham yeyirdilər. Bir gün belə, beş gün belə, axırda padşahın oğlu fikir eləyir ki, nə vaxta kimi bu oğlan qazanıb gətirəcək, mən də yeyib bekar evdə oturacağam. Mənim də iş görməyim lazımdı. Bu fikir ilə başmağın geyib, evdən kənara çıxır, küçələri dolanır, bir vaxt baxıb görür ki, hündür bir imarətin pəncərəsindən gözəl bir qız baxır. Qızı görüb ona aşiq olur. Demə, bu imarət padşahınkı, qız da padşahın qızı imiş. Padşahın oğlu fikirli mənzilə qayıdır. Bir az keçir, yoldaşı gəlir. Oğlan baxıb görür ki, şahzadə çox bikeyfdi. Bundan səbəbini xəbər alır. Şahzadə əhvalatı ona danışır. Oğlan gülüb deyir:
– Elə bundan ötəri bikeyf olmusan? Bu ki, asan işdi. Yaxın bir vaxta o qızı sənə alaram.
Sabahısı gün oğlan gedib elçi daşının üstündə oturur. Padşaha xəbər gedir ki, elçi gəlib. Həmin saat adam göndərirlər ki, gedin görün, sözü nədi. Oğlan cavab verir ki:
Padşahın qızın qardaşım üçün istəyirəm.
Padşah xəbər göndərir ki, mənim imarətim kimi bir imarət tikdirsə, qızımı verərəm. Oğlan qəbul eləyir. Ertəsi gün xalq yuxudan oyananda baxıb görürlər ki, padşahın evin qabağında bir ev tikilib ki, padşahın evindən min dəfə artıq. Oğlan padşaha xəbər göndərir ki, ev hazırdı. Padşahın deyəcək sözü olmayıb, qızı verir. Toy olur, şahzadə qızın yanına getmək istəyəndə oğlan deyir:
– Qardaş, hələ dayan, qoy qabaqca mən gedim gəlim, sonra sən get!
Şahzadə qəbul eləyir. Oğlan qızın yanına gəlib onun ağzından üfürür. Həmin saat qızın ağzından bir-birinin ardınca on bir ilan çıxır. Hər birisi çıxdıqca istəyir ki, oğlanı vursun. Amma oğlan zirəklik edib, bir-bir on birini də öldürür. Sonra qulağını qızın ağzına qoyub, görür ki, bir ilan da qalıb. Xülasə, qayıdıb oğlanı qızın yanına göndərir.
Demə ki, bundan qabaq qızı kimə verirlərmiş, əvvəlinci gecədə ilanın biri çıxıb oğlanı vurub öldürürmüş. Bununla qızı bir neçə ərə veriblər, ilanlar öldürüb. Odu ki, padşah yəqin edibmiş ki, bu oğlan da sabah salamat çıxmayacaq.
Ertəsi gün sübh tezdən padşah bir adam göndərir ki, oğlandan bir xəbər gətirsin. Gəlib görürlər ki, oğlan sağ salamat oturub qız ilə söhbət edir. Bu xəbəri padşaha aparanda padşah əmr eləyir ki, camaat üç gün şadlıq eləsin.
Xülasə, bir müddət burada qaldıqdan sonra, şahzadə öz vilayətinə qayıtmaq fikrinə düşür. Padşahdan rüsxət istəyir, çox təkiddən sonra padşahdan izin alır. Padşah bunlara çoxlu mal, qızıl-gümüş, dövlət verib yola salır, əmr eləyir ki, üç mənzil bunları ötürsünlər. Müxtəsər, şahzadə oğlanla əvvəl görüşdükləri yerə gəlirlər. Burada oğlan şahzadəyə deyir.
– Qardaş, tay ayrılmalıyıq. Bu mal, dövləti də, qızı da bahəm qardaşlıqda gərək yarı bölək!
Şahzadə razı olur. Hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də padşahın qızı qalır.
Oğlan deyir:
– Bunları da yarı bölməliyik.
Qılıncın çəkib əvvəl dəvəni, sonra qatırı ortadan yarı bölür. Növbə qıza gəldikdə, şahzadə nə qədər yalvarırsa qızı bölməsin, oğlan razı olmur. Axırda şahzadə təklif eləyir ki, cəmi dövlət onun olsun, ancaq qız bunun olsun. Oğlan yenə razı olmur. Sonra şahzadə təklif eləyir ki, qızı bütöv götürsün. Yenə də oğlan razı olmur, götürüb bir ağaca sarıyıb, qılıncı çəkib qaldırır, istəyir ki, qızın başın üzsün. Qız qorxusundan qusur, ağzından axırıncı ilan düşür. Bundan sonra oğlan qılıncı yerə qoyub şahzadəyə deyir:
– Mənə mal, dövlət, qız lazım deyil. Məqsədim həmin ilanı qızın ağzından çıxartmaq idi. Bu çıxmasaydı, bir gün çıxıb səni həlak edəcəkdi. İndi bu malı, dövləti, qızı götürüb atanın yanına get! Bir də məlumun olsun ki, mən insan deyiləm. Mən həmin ilanam ki, atan yaxşılıq edib başmaq tayında mənə su vermişdi. İndi mən yaxşılığın borcundan çıxdım. Xudahafiz!
Bunu deyib oğlan bir ilan olub, bir deşiyə girib, gözdən itir. Bundan sonra şahzadə atasının vilayətinə gəlir. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxır, onları cəlalla şəhərə gətirir. Təzədən toy başlanır. Onlar yeyib, içib yerə keçir, biz də yeyib, içək dövrə keçək! Göydən üç alma düşdü, biri mənim, biri nağıl deyənin, biri də qulaq asanın.

Be Sociable, Share!

Comments (4)

Интересно, прикольно, супер

Cox maraqydiydi

maraqli super. zehmet olmasa ehmed ve meleyke nagilinida yerlesdirersiniz? o nagili cox sevirem yenede tesekkurler

ÇOX SUPER NAĞIL İDİ. MƏNİM ÇOX XOŞUMA GƏLDİ.

Write a comment