Xeyirxah və pis insan`ın nağılı

1

Posted by nagillar | Posted in Nağıllar | Posted on 27-03-2014

Biri vardı, biri yoxdu. Allahdan başqa, əvvəl kimsə yox idi. Yalnız bir xeyirxah və bir pis adam vardı. Onlar öz aralarında dostluq edirdilər. Bir dəfə, onlar yol ilə gedirdilər, hər birinin zənbilində də bir çörək vardı. Yolda acdılar və Pis insan, Xeyirxaha dedi: – Gəl birinci sənin çörəyini yeyək, bir də acanda mənim çörəyimi yeyərik. Bu minvalla, o, Xeyirxahı aldatdı və onun çörəyi yeyilmiş oldu. Bir xeyli vaxt keçəndən sonra Xeyirxah acdı və Pis insana dedi: – Gəl qardaş, indi sənin çörəyini yeyək! – Bağışla əzizim, bacarmaram! Əgər biz indi mənim çörəyimi yesək, onda, sonra mən acından ölərəm ki, – deyə o biri cavab verdi. Öz yoldaşının bu hərəkətindən inciyən xeyirxah adam, ondan ayrıldı və başqa yolla getdi. Ac-acına xeyli yol getdi və nəhayət, köhnə bir xaraba dəyirmana rast gəldi. O dəyirmana girib dəyirman təknəsinə qalxdı və orada uzanıb gecələdi. Gecə, bir də gördü ki, dəyirmana ayı girib, dalınca da qurd və tülkü. Üç yoldaşın üçü də dəyirmanın içində əyləşdi. Ayı və tülkünün kefi saz idi, əylənir və gülürdülər, amma Qurd acıqlı,bikef idi və lal-dinməz oturmuşdu. Birdən, ayı tülküyə üz tutub dedi: – Tülkücan, de görüm nə səbəbdən kefin bu qədər sazdır? – Niyə də kefim saz olmasın? –deyə tülkü cavab verdi, – bax, o kənd yaxınlığında çox hündür, qollu-budaqlı bir ağac durur. Onun altında xeyli xəzinə gizlədilib.Mən hər gün ordan pul götürüb xərcləyirəm və Allaha şükür, çox yaxşı yaşayıram. – Bəs sən niyə şənsən? –deyə tülkü müraciət etdi ayıya. – O dağın üstündə yerləşən meşədə bir qocaman ağac var, – cavab verir ayı, –onun bütün yekə koğuşları balla doludur.Hər gün mən qalxıram o ağaca və bal yeyirəm. Nə dərdim ola bilər ki?! – Qardaş, bəs sən niyə belə qəmgin və bikefsən? – deyə onlar qurddan soruşdular. – Niyə bikef olmayım? –deyə qurd mırıldadı, –üç gündən artıqdır ki, mən acam. Kəndin ətrafında naxır durur; amma orda yekə bir köpək var, hansı ki, səhərə qədər gözünü qırpmır və hamı naxırdan yan keçir, nə qədər cəhd etsəm də, heç cürə ordan qoyun gətirmək və yemək mənə qismət olmur. Və qəribə işdir, heç kim bu köpəyi öldürmür, öz aramızda qalsın, kim onu öldürsə, bu onun üçün çox xeyirli ola bilərdi. Bu yerin padşahının qızı xəstələnib və onu heç bir həkim sağalda bilmir. Ona görə padşah vəd edib ki, kim sağaltsa qızını ona ərə verəcək. Əgər bu köpəyin beynini o naxırdakı bir qara qoyunun beyni ilə qarışdırsan və bu qarışığı padşah qızına yeməyə versən, onda, qız sağalar. Amma mənim bədbəxtliyimdən, bu haqda heç kim bilmir.Əgər kimsə bu barədə oyrənsəydi, sağaldardı gözəl şahzadəni və alardı onu özünə, məni də bu lənətə gəlmiş köpəkdən xilas edərdi! Xeyirxah adam bu söhbətin hamısına qulaq asdı. O, səhər ayağa qalxdı və qızı xəstə olan padşahı axtarmağa getdi. Padşahı soraqlayandan sonra,onun paytaxtına yola düşdü və söz yadı ki, padşahın qızını sağalda bilər. O saat bu barədə padşaha xəbər çatdırdılar. O, xeyirxah adamı yanına çağırdı və dərdinə əlac istədi, söz verdi ki, öz vədini həmin saat yerinə yetirəcək. Onda xeyirxah adam göstəriş verdi ki, sürüdən qara qoyunu və yekə köpəyi gətirsinlər.Xeyirah adam onları kəsdi, beynini çıxarıb qarışdırdı və verdi şahzadəyə yeməyə, ona görə də qız sağaldı. Padşah, qızını xeyirxah adama ərə verdi, çox böyük təmtəraqlı toy çaldırdı,Kürəkənini var-dövlət içində üzdürdü. Xeyirxah adam hündür ağacın altındakı bütün xəzinələri və balı da axtarıb tapıb özünə götürdü və naz-nemət cəh-cəlal içində yaşamağa başladı. Neçə vaxtdan sonra xeyirxah adam köhnə dostu – kasıb və lüt halda olan pis adama rast gəldi.Dostu onu belə var dövlət və cah-cəlal içində görüb soruşdu: – Qardaş, sən necə çatdın bu mərtəbəyə? O biri dedi: – Filan yerdə, filan tərəfdə bir dəyirman var. Get ora, gir təknənin içinə və gecələ, onda sən bilərsən mən necə qazandım bütün bunları. Pis adam dəyirmanı axtarıb tapdı,təknənin içinə girdi və gözlədi. Gecə yenə tülkü, ayı və qurd dəyirmana gəldi.Bu dəfə qurd şən idi, o biri ikisi isə bikef. Ayı tülküdən soruşur ki, «nə üçün o kefsizləşib?»; Tülkü də cavab verir ki, «onun xəzinəsini talan ediblər, indi daha necə yaşasın». Ayı bildirdi ki, ağacı kəsiblər və balı aparıblar. Qurd isə dedi: – Lənətə gəlmiş köpəyi öldürüblər və beynini padşaha aparıblar. Artıq mənim düşmənim yoxdur. Hər gün mən bir qoyun aparıram və yeyirəm! – Yəqin ki kimsə bizə qulaq asır, –deyə tülkü barmağını dişlədi. – Yoxsa, kim bilə bilərdi bizim sirrimizi? –ayı cavab verdi. – Gəl, axtaraq onu, bəlkə indi də burdadır. Onlar başladılar dəyirmanı axtarmağa, təknənin içindən pis adamı tapdılar və parçalayıb tikə-tikə etdilər. Pis adamın aqibəti, bax, belə oldu.

Be Sociable, Share!

Comments (1)

iy gelir …… qaqaw!

Write a comment